UEFA Çempionlar Liqasında 1/8 finalın daha 2 görüşü keçirilib. Günün gözlənilməz nəticəsi İtaliyada qeydə alınıb. Roma şəhərinin Olimpiya Stadionunda təşkil olunan "Latsio" - "Bayern" görüşündə meydan sahibləri qələbə qazanıb. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Fasilədən sonra qonaqların vəziyyəti çətinləşib. 67-ci dəqiqədə Almaniya klubunun müdafiəçisi Dayo Upamekano kobudluğa görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb. Təyin olunan penaltini "Latsio"nun kapitanı Ciro İmmoble dəqiq yerinə yetirib. Meydan sahibləri sərfəli hesabı sonadək qoruyaraq qalib gəliblər: "Latsio" - "Bayern" 1:0.

"Paris Sen-Jermen" isə Fransada "Real Sosyedad" ilə görüşüb. San Sebastyan klubu ilk hissədə rəqibinə layiqli müqavimət göstərib. Amma komandanın gücü ikinci hissədə PSJ futbolçularının təzyiqinə dözməyib. Hesab 58-ci dəqiqədə açılıb. Markinyosun ötürməsini Kilian Mbappe qolla tamamlayıb. Çox keçmədən Paris klubu ikinci dəfə rəqib qapısına yol tapıb. Bu dəfə isə gənc futbolçu Bredli Barkola diqqət mərkəzinə düşüb. "Paris Sen Jermen" - "Real Sosyedad" 2:0. Bu mərhələnin cavab görüşləri martın 6-da keçiriləcək.